Qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və gələcəyimizi qorumaq üçün artıq bu gün diqqətimizi investisiyaların yatırılması məsələsinə yönəltməliyik. Bizim əsas prioritetimiz qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.
Sədrliyin COP29 planı bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşı istiqamətə əsaslanır. Ambisiyaların artırılmasını nəzərdə tutan birinci istiqamət bütün tərəflərin iddialı milli planlara və şəffaflığa sadiqliyini təmin etmək üçün əsas komponentləri özündə ehtiva edir. Fəaliyyətə təkan verməyi nəzərdə tutan ikinci istiqamət isə ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu əks etdirir.
COP29 Sədrliyi maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir. Sədrlik hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına, ortaq həllər vasitəsilə inklüziv nəticələrin əldə edilməsinə çalışır. Birlikdə müsbət irəliləyiş əldə edə biləcəyimizə inanırıq.
Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5oC hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.